Aldanmış Canavar
Tamaşa- Azərbaycan Dövlət Kukla Teatrı
- 16 may 2026 - 16 may 2026
Repertuarımıza daxil olan yeni tamaşamız — adı və hekayəti demək olar ki, hər kəsə tanış olan Canavar ilə Dovşanın əzəli mübarizəsindən bəhs edən “Aldanmış Canavar”dır.
Keçmiş sovet tamaşaçısı, xüsusilə yaşlı və orta nəslin klassikasına çevrilmiş, Azərbaycan müasir tamaşaçısına da yaxşı tanış olan “Nu, pogodi!” (“Dayan, görərsən!”, “Əlimə düşərsən!”, “Bir dayan...”) cizgi filminin motivləri əsasında hazırlanan bu yeni səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına ümid verir.
Məşhur rus satirikləri Aleksandr Kurlyandski və Arkadi Hayt tərəfindən yazılmış ssenari əsasında hazırlanan tamaşanı müasir uşaqlar üçün yeni səhnə yozumunda teatrımızın rejissoru Əhəd Hacıyev təqdim edir. Musiqi tərtibatlı, birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəna Abbasovadır.
Tamaşa teatrımızın rus bölməsində hazırlanır və yaxın günlərdə premyerası ilə teatrsevərlərin ixtiyarına veriləcək.
Ekran əsərinin əsas ideyasına toxunulmadan səhnələşdirilən “Aldanmış Canavar” göstərir ki, aqressiya, tələskənlik və hiylə ilə uğur qazanmaq mümkün deyil. Səbirli, ağıllı və mədəni davranış isə sonda üstün gəlir. Canavarın hər dəfə məğlub olması bu fikri yumorla tamaşaçıya çatdırır.
Hamımıza məlum olan süjet Canavarın Dovşanı təqib etməsi üzərində qurulsa da, əslində bu qarşıdurma yaxşı ilə pisin, intizamla məsuliyyətsizliyin mübarizəsidir. Belə mübarizədə isə ya kimsə qalib gəlməli, ya da dostluq qələbə çalmalıdır. Elə bu səbəbdən bizim yeni “Aldanmış Canavar” tamaşamızın sonu da dostluğun qələbəsi ilə tamamlanır.
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Kukla Teatrı- Neftçilər prospekti 36, Bakı, Azərbaycan
- +994 12) 4926425
- [email protected]
- https://www.kuklateatri.az/